“Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)” mövzusunda dəyirmi masada iqlim dəyişmələri ilə bağlı məsələlər müzakirə edilib.
Noyabrın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada beynəlxalq ekspertlər, iqlim maliyyəsi üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, audit şirkətlərinin əməkdaşları iştirak ediblər.
DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqı tərəfindən təklif edilən və hazırda mərhələli şəkildə tətbiq olunan yeni iqlim siyasəti aləti - CBAM mexanizminin tələblərini daha dərindən öyrənmək, bu sahədə yarana biləcək çətinlikləri müəyyənləşdirmək və səmərəli hazırlığın təmin edilməsi üçün mümkün həlləri nəzərdən keçirməkdən ibarətdir. Müzakirələrin qlobal iqlim dəyişmələri ilə mübarizə və iqtisadi inkişaf arasındakı balansın tapılması baxımından son dərəcəli əhəmiyyətli olduğu vurğulanıb.
Harvard Universitetinin mütəxəssisi İlay Sandlerin moderatorluğu ilə keçirilən dəyirmi masada “Ernst & Young” şirkətinin partnyoru Kasia Klaçinska Lyuis, “PwC” şirkətinin partnyoru Nadya Pikard və digər ekspertlərin təqdimatları və çıxışları dinlənilib.
İştirakçılar CBAM-ın biznesin fəaliyyətinə qlobal və milli səviyyədə təsirləri, Avropa İttifaqının bu sahədə qanunvericilik tələbləri ilə bağlı mümkün ssenarilərə dair nəzəri və praktiki məlumatları bölüşüblər, istehsalçıların və ixracatçıların bu prosesə hazırlığını müzakirə ediblər. Bildirilib ki, bu mexanizm qlobal iqlim dəyişmələri ilə mübarizə sahəsində müsbət nəticələrə gətirib çıxara bilər, lakin onun uğurlu tətbiqi qlobal səviyyədə ədalətli yanaşmalardan, davamlı inkişaf və ekoloji ədalətin təmin edilməsindən asılı olacaq.
Tədbir zamanı yaranan suallar ekspertlər tərəfindən cavablandırılıb.