COP29 çərçivəsində dövlət-özəl əməkdaşlığı çərçivəsində iqlim fəaliyyətlərində investisiya imkanlarının genişləndirilməsi və tərəfdaşlıq imkanları müzakirə olunub.
COP29 çərçivəsində “Dövlət-özəl əməkdaşlığı: iqlim fəaliyyətlərində investisiya imkanlarının genişləndirilməsi” mövzusunda panel iclas təşkil edilib.
Paneldə İqtisadiyyat Nazirliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Zamir Dibirov, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) İqtisadi əməkdaşlıq və ticarət şöbəsinin direktoru Elizabet Turk, Avropa Yenidənqurma və İnkişaf Bankının baş mütəxəssisi Straus Maykl, Beynəlxalq Davamlı Dayanıqlılıq Mərkəzinin icraçı direktoru Deyvid Dod, “McKinsey & Company” şirkətinin təmsilçisi Daniyel Mikkelsen, davamlı inkişaf üzrə qlobal məsləhətçi Kleyr Perri Oneyl və özəl sektor nümayəndələri iştirak ediblər.
Panel iclasda davamlı inkişaf üçün dövlət-özəl əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Azərbaycanda bu istiqamətdə atılan addımlar, xüsusilə də qəbul edilmiş “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və dövlət-özəl tərəfdaşlığı çərçivəsində ilk dəfə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması layihəsi haqqında məlumat verilib. Bu layihənin Azərbaycanda iqlimə davamlı infrastrukturların yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Müzakirələr zamanı “ağıllı” iqlim infrastrukturunun qurulması üçün müxtəlif maliyyə alətləri, o cümlədən “yaşıl” istiqrazlar, qarışıq maliyyələşmə modelləri və iqlim fondlarından istifadə imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.