Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşdə kiçik və orta sahibkarlığın inkişafı üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya (AİB) İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanq ilə görüşüb.
Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan AİB ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Bank müxtəlif istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir.
Azərbaycanda əlverişli işgüzar mühit, həyata keçirilən iqtisadi layihələr, işğaldan azad olunmuş ərazilərimizdə aparılan iqtisadi reinteqrasiya tədbirləri haqqında məlumat verilib, AİB ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı və Orta Dəhliz üzrə işbirliyi məsələləri nəzərdən keçirilib.
Tərəflər kiçik və orta sahibkarlığın inkişafı və maliyyə resurslarına çıxışının artırılması, sənaye ilə bağlı inkişaf planları, həmçinin Bank tərəfindən hazırlanmış, Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasına dair müzakirələr aparıblar.