Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilib

Yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, sənətkarların əl işləri nümayiş etdirilib və satışa çıxarılıb.

20-21 sentyabr tarixlərindı işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar çərçivəsində Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunub. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 2 gün davam edən tədbir “Güllü bağ”ın ərazisində reallaşıb.

Yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, sənətkarların əl işləri nümayiş etdirilib və satışa çıxarılıb. Tədbir KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin daha geniş auditoriyaya tanıdılması, satış imkanlarının artırılması, eləcə də ölkənin müxtəlif bölgələrində çalışan sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.

“KOB FEST”in açılışında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbə qazandığı Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa və quruculuq işləri aparılıb, sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilib. Vurğulanıb ki, KOB subyektlərinin yaradılması, istehsal potensialının gücləndirilməsi və yeni məşğulluq imkanlarının təmin olunması bu ərazilərin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

“KOB FEST” sərgi-satış yarmarkasının Şuşa və ətraf bölgələrdə sahibkarların fəaliyyətinin dəstəklənməsi, onların istehsal etdiyi məhsulların bazara çıxarılması baxımından əhəmiyyəti qeyd olunub.