Fevralın 12-də "Aqroekspress" layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.
Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rusiyanın Azərbaycandakı Səfirliyinin, Azərbaycan-Rusiya İşgüzar Şurasının, "Rusiya İxrac Mərkəzi"nin məsul şəxsləri və sahibkarlar iştirak ediblər.
Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan-Rusiya siyasi-iqtisadi münasibətlərinin yüksək səviyyəsini, "Aqroekspress" layihəsinin hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsindəki rolunu və əhəmiyyətini diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Rusiyanın dost və strateji tərəfdaş ölkələr olduğunu bildirib, hər iki ölkənin bir sıra platformalar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb. Nazir müavini ölkələrimiz arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi olaraq reallaşdırılan "Aqroekspress" layihəsinin qarşlıqlı faydalı əməkdaşlığın və biznesin inkişafı üçün əhəmiyyətini, ticarətin inkişafına, nəqliyyat-tranzit potensialının artırılmasına töhfə verəcəyini, sahibkarlığın inkişafına yönəlmiş dəstək tədbiri olduğunu vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, "Alliance Logistics" MMC-nin rəhbəri Natiq Heydərov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, "Rusiya İxrac Mərkəzi"nin rəhbəri Nuri Quliyev və digərləri "Aqroekspress" layihəsinin effektiv qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa yönələn, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə ixtisaslaşmış xidmət olduğunu qeyd edib, sahibkarlığa dəstək mexanizmi olaraq əhəmiyyətini vurğulayıblar.
Sonra Azərbaycan məhsulu olan xurma ilə yüklənmiş qatar Rusiya Federasiyasına yola düşüb.