KOB Fest - sərgi-satış yarmarkasında iştirak etmək istəyən sahibkarların nəzərinə!

25-26 aprel tarixlərində "İçərişəhər"də (Qoşa Qala Meydanı) təşkil olunacaq ilk KOB Fest - sərgi-satış yarmarkasına müraciətlərin qəbulu davam edir.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri müvafiq müraciət formasını dolduraraq elektron qaydada Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Müraciətlərin qəbulu 18 aprel, saat 00:00-da başa çatacaqdır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək KOB Fest - sərgi-satış yarmarkası 25 aprel - Sahibkarlar Gününə həsr olunacaq. Yarmarkada müxtəlif qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçiriləcək. Ənənəvi sərgi-satış yarmarkalarından fərqli olaraq, yarmarkada istehsalla məşğul olan sahibkarlarla yanaşı, istehlakçılara müxtəlif xidmətlər təqdim edən KOB subyektləri və startaplar da təmsil oluna bilərlər. Yarmarka çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq. Yarmarkada mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur.

Bakı ilə yanaşı, növbəti aylarda ölkənin digər şəhər və rayonlarında da KOB Fest - sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur.