İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüşüb.
İqtisadiyyat naziri İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Nazir Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.
İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini, İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər iqtisadiyyatın müxtəlif sferalarında, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.