Mayın 26-da Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına start verilib. Festival yerli startapların innovativ məhsul və xidmətlərinin tanıdılması, investorlara təqdim edilməsi və xarici startaplarla fikir mübadiləsi üçün əlverişli platformadır.
Bu məqsədlə TEKNOFEST çərçivəsində müsabiqələr, “Take Off Baku” Startap Sammiti və sərgilər keçirilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) açıq və qapalı məkanlarda keçirilən sərgilərin və “Take Off Baku” Startap Sammitinin əsas tərəfdaşlarındandır.
KOBİA-nın dəstəyi ilə yerli startaplar onlar üçün ayrılmış xüsusi stenddə innovativ layihə və həllərini təqdim edirlər. Burada kənd təsərrüfatı və “ağıllı şəhər” üçün qurğu və həllər, smart işıqlandırma, dronlar, kanalizasiya sularından enerji əldə edilməsi üçün qurğu, logistika üçün “ağıllı poçt qutuları”, mikrodalğalarla yuma cihazı, tullantı yağların emalı sistemi, yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu, 3D printer və proqram təminatı və s. kimi innovativ həllər nümayiş olunur. Qeyd edək ki, bu layihələrin hissəsinə KOBİA-a tərəfindən “Startap” şəhadətnaməsi verilib və qrant vəsaiti ayrılıb. Festival müddətində startaplar layihələrini investorlara və vençur fondlarına təqdim etmək imkanı əldə edəcək, eləcə də ümumi mükafat fondu 50 min ABŞ dolları olan yarışmaya qatılma imkanı olacaqdır.
Stenddə həmçinin, qonaqlar üçün müxtəlif müsabiqələr təşkil olunur. Sərgi ziyarətçiləri TEKNOFEST-in konsepsiyasına uyğun olaraq, yeni texnoloji trendlərə və KOBİA-nın fəaliyyətinə dair sualları cavablandırmaqla hədiyyələr qazanacaqlar.
Festival çərçivəsində “Take Off Baku” Startap Sammiti də keçirilir. KOBİA-nın da əsas tərəfdaşlarından olduğu Sammitin məqsədi regionda innovativ sahibkarlıq üçün əlverişli mühit yaratmaqla startup ekosisteminin inkişafına tövhə vermək və beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Sammit çərçivəsində investorlar, şirkətlər və xarici mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları və digər tədbirlər nəzərdə tutulur.