Mayın 24-də Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib. Tədbirdə işçi qrupa üzv olan dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər aidiyyəti qurum və şirkətlərin nümayəndələri iştirak edib.
İclasda iqtisadiyyat nazirinin müavini, işçi qrupun rəhbəri Niyazi Səfərov 2022-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planınında nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, görüləcək işlərin xarici ticarət sahəsində əlverişli biznes mühitinin yaradılmasına, qlobal iqtisadi reytinqlərdə ölkəmizin mövqeyinin yüksəldilməsinə töhfə verəcəyini bildirib.
Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev fəaliyyət planları üzrə hesabatlılıq sistemində yeni dəyişikliklər barədə danışıb, görülmüş işlərə dair hesabatların müzakirəsinin təşkilinin, habelə monitorinq və qiymətlədirilmənin aparılmasının önəmini diqqətə çatdırıb.
İclasda İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən 2022-ci il üçün Fəaliyyət Planının icrası ilə bağlı görüləcək işlər haqqında təqdimatlar edilib.