İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, tərəflər arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir müavini işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin biznes fəaliyyəti qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, KOB-larla birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə göstərə biləcəyi dəstək tədbirləri barədə danışıb.
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığı, Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığını qeyd edib, iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.
Tədbir iki ölkənin iş adamları arasında görüşlərlə davam edib.