Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun ilk iclası keçirilib.
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda Dünya Bankının yeni “Əlverişli Biznes Mühiti” layihəsi barədə məlumat verilib, onun biznesin təsis edilməsi, xüsusilə «start-up»ların, yerli və xarici özəl şirkətlərin yaradılması məsələlərinin qiymətləndirilməsinə yönəldildiyi qeyd olunub. “Doing Business” hesabatından fərqli olaraq, “Biznesə daxilolma” indikatorunun daha geniş sahəni əhatə etməklə, biznesə daxilolmanın beynəlxalq aspektləri, yerli şirkətlərlə yanaşı, xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsi, eləcə də “start-up”lar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğu və məlumatların şəffaflığını qiymətləndirəcəyi vurğulanıb.
İşçi qrupun üzvləri müzakirələr zamanı ölkədə biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq reytinqlər üzrə yüksək nəticələrin əldə olunması məqsədilə qarşıda duran vəzifə və tapşırıqlar, o cümlədən təkliflərin təqdim edilməsi ətrafında fikir mübadiləsi aparıblar.
İclas iştirakçıları tərəfindən “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə tərtib edilmiş diaqnostika matrisi, prosesin qiymətləndirilməsi məqsədilə diaqnostika qrupunun yaradılması müzakirə edilib. İclasda iştirak edən digər dövlət qurumlarının nümayəndələri, özəl şirkətlərin ekspertləri layihə ilə bağlı təkliflərini səsləndiriblər.