İqtisadiyyat Nazirliyində təşkil olunan "Uğur yolu" karyera inkişafı proqramına qeydiyyat başa çatıb. Nazirliyin Aparatında, strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan ümumilikdə 1475 əməkdaş müsabiqədə iştirak üçün istəyini ifadə edib. Bu ilk "Uğur yolu" müsabiqəsində iştirak üçün qeydiyyatdan keçən şəxslərin sayından 20% çoxdur.
Müsabiqə test imtahanları, yarımfinal və final mərhələlərindən ibarətdir. Test imtahanları mərhələsində iştirakçılara qabiliyyət testləri, sosial intellekt və liderlik potensialının qiymətləndirilməsi üzrə suallar təqdim olunacaq.
Müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb ediləcək. Proqrama müxtəlif təlimlər, kouçinq sessiyaları, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramı və görüşlər daxildir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramının məqsədi Nazirlikdə yüksək potensiallı kadrların ehtiyat bazasının formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və hərtərəfli inkişafı üçün daha əlverişli şəraitin yaradılması, idarəetmə sahəsində təcrübə mübadiləsidir. Proqram iştirakçıların karyera inkişafı üçün əlverişli fürsət olmaqla yanaşı, korporativ mədəniyyətin güclənməsinə, əməkdaşlar arasında işgüzar əlaqələrin genişlənməsinə, effektiv ünsiyyətin formalaşmasına şərait yaradır.
Proqramın ilk müsabiqəsi 2021-ci ildə keçirilib və uğurlu nəticələr əldə olunub. Belə ki, müsabiqədə qalib gələn Nazirliyin 22 əməkdaşı müxtəlif təlimlərin, kouçinq sessiyalarının, idarəçi rəhbərlərlə mentorluğun daxil olduğu inkişaf proqramına cəlb ediliblər.