Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə iclası keçirilib. İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclas iştirakçılarını gündəliklə tanış edib.
İclasda Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsi təqdim edilib. Tədbir iştirakçıları layihənin “Vergilərin ödənilməsi” indikatoru üzrə diaqnostika matrisinin tərtib olunmasını və bu məqsədlə ayrıca diaqnostika qrupunun yaradılmasını müzakirə ediblər. İclasda sözügedən layihənin mahiyyəti, qarşıda duran vəzifələr diqqət mərkəzində olub və bununla bağlı İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planı barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə vergi və hesabatlılıq sahələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən alətlərin genişləndirilməsi vacibliyi qeyd olunub. İşçi qrupun rəhbəri maraqlı tərəflərdən layihə üzrə daxil olmuş təkliflərin qeydə alınmasını, vergi hesabatlılığı sahəsində təkmilləşdirmələrin davam etdiriləcəyini vurğulayıb. Komissiya çərçivəsində sözügedən məsələlərlə bağlı ictimaiyyət və özəl sektorla əməkdaşlığın önəmi vurğulanıb.