2022-ci ilin yanvar-may ayları ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı  139.414 olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan verib.  Belə ki, 2022-ci ilin yanvar-may ayları ərzində 139.414 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

5 aylıq göstəricinin 36.158-i (25,9%-i) ilkin, 103.256-sı (74,1%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ilkin qeydiyyat 29,1% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18.893-ü fərdi yaşayış və bağ evi, 33.719-u mənzil, 82.185-i torpaq sahəsi,  1.427-si qeyri-yaşayış binası, 2.851-i qeyri-yaşayış sahəsi, 321-i əmlak kompleksi,  17-si çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 35.802-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

 

Daşınmaz əmlakın ilkin qeydiyyatı-Statistika

Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 5 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,3 dəfə artaraq 20.981 olub.

Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-may ayları ərzində 1,9% artaraq 6.288 olub.

 

Cari ilin yanvar-may ayları ərzində texniki pasportun və ipoteka müqaviləsinin sayı

2022-ci ilin yanvar-may ayları ərzində 108.041 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir. 2022-ci ilin ilk 5 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 51% artaraq 27.850 olub.