Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq sahəsində qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, bu sahədə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş əsas vəzifələrdəndir və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
Biznes sferasının tənzimlənməsi istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasıdır. Bu sahədə aparılmış islahatların nəticəsi olaraq, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. İslahatların tərkib hissəsi kimi ölkəmizdə “Lisenziyalar və icazələr haqqında” Qanun qəbul edilib, lisenziyalarla yanaşı, icazələrin də siyahısı müəyyən olunub.
İslahatlar aparılarkən lisenziya tələb edən fəaliyyət növlərinin sayı 59-dan 36-ya endirilib, icazələrin sayı isə 86 müəyyən edilib. İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyaların sayı 23-dür.
Lisenziyaların verilməsi müddəti 15 iş günündən 10 iş gününə endirilib, dövlət rüsumunun məbləği 2 dəfə azaldılıb. Qanunvericiliyə əsasən, hazırda sellülar (mobil) rabitə xidmətləri istisna olmaqla lisenziyaların müddətsiz verilməsi müəyyən edilib.
Dövlət başçısının müvafiq Fərmanı ilə lisenziyalar 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir. 14 mart 2018-ci il tarixindən lisenziyaların “Lisenziyalar və icazələr” portalı üzərindən də verilməsinə başlanıb. Sahibkarların işinin daha da asanlaşdırılması məqsədilə 2020-ci ilin fevralından lisenziyaların verilməsi KOB evləri vasitəsilə də həyata keçirilir.
İndiyədək Nazirlik tərəfindən 12913 lisenziya verilib. Bununla yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə 2987 elektron lisenziya verilib.
Ümumilikdə, verilmiş lisenziyaların 65%-ə qədəri, o cümlədən 2022-ci ilin ötən dövründə verilmiş lisenziyaların 85%-i yeni lisenziyalardır ki, bu da aparılan islahatların nəticəsi olaraq sahibkarlıq fəaliyyətinin genişləndiyini göstərir. Pandemiya ilə əlaqədar qlobal çağırışlara uyğun olaraq elektron ticarətin artımı sürətli poçt fəaliyyəti üzrə verilmiş lisenziyaların artımına təsir edib, 2020-2021 və 2022-ci ilin ötən dövründə 140-dan çox sahibkara sürətli poçt xidməti üzrə lisenziya verilib.