İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika davam edir. Statistik göstəricilərə əsasən, 2022-ci ilin avqust ayı ərzində 33.720 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% çoxdur. Aylıq göstəricinin 7.730-u (22,9%) ilkin, 25.990-ı (77,1%) isə təkrar qeydiyyatın payına düşür. Avqust ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 47,4% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 5.043-ü fərdi yaşayış və bağ evi, 9.285-i mənzil, 18.409-u torpaq sahəsi, 304-ü qeyri-yaşayış binası, 606-sı qeyri-yaşayış sahəsi, 64-ü əmlak kompleksi, 9-u çoxmərtəbəli yaşayış binasıdır. Ötən ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27,6%-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqust ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,5 dəfə artaraq 3.121 təşkil edib.
Ötən ay ərzində 26.623 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,4% artım deməkdir. 2022-ci ilin avqust ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,5% artaraq 5.928 olub.