İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 11-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 71 sifariş qəbul edilib, bunun 8-si elektron qaydada həyata keçirilib.
Hərracda Yaponiya istehsalı olan avtomobillərə maraq böyük olub. Məsələn, ilkin satış qiyməti 14.000 manat olan Toyota Corolla markalı avtomobilə edilən ən son təklif 2 dəfəyə yaxın artaraq 24.450 manata yüksəlib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32KTRv ).
Növbəti hərraclar oktyabrın 18-i və 25-də keçiriləcək. Hərraclara 14 kiçik dövlət müəssisəsi və 74 nəqliyyat vasitəsi çıxarılacaq.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.