Məlum olduğu kimi, əvvəllər Azərbaycan-Rusiya sərhədində aksizli malların rəsmiləşdirilməsi üçün xüsusi gömrük postunun olmaması Azərbaycan məhsulları üçün ənənəvi bazarlardan hesab edilən Rusiya Federasiyasına şərab və spirtli içkilərin ixracının genişləndirilməsində çətinliklər yaradır, ixrac olunan məhsulların bahalaşmasına, vaxt itkisinə, rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Bunları nəzərə alaraq, aksiz postunun müəyyən edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın aidiyyəti qurumları arasında keçirilən görüşlərdə bu məsələ vaxtaşırı olaraq qaldırılıb, müxtəlif platformalar vasitəsilə prosesin sürətləndirilməsi istiqamətində işlər aparılıb.
Görülmüş işlərin nəticəsi olaraq, Rusiya hökumətinin müvafiq qərarı ilə oktyabrın 7-dən “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq.