Məlumat verildiyi kimi, “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu barədə sahibkarların məlumatlandırılması məqsədilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da sahibkarlarla görüş keçirilib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev əvvəllər “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün xüsusi gömrük postunun olmamasının Rusiyaya bu kateqoriyadan olan məhsulların, əsasən də alkoqollu içkilər və tütün məmulatlarının ixracının genişləndirilməsində çətinliklərin yarandığını, bu məsələnin hər iki ölkənin aidiyyəti qurumları arasında keçirilən görüşlərdə mütəmadi müzakirə olunduğunu bildirib. Qeyd edilib ki, oktyabrın 7-dən etibarən “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə fəaliyyət göstərir və bu, sahibkarlara istehsal etdikləri məhsullarının ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq.
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Rusiyaya ixrac zamanı aksizli malların rəsmiləşdirilməsi üçün məntəqənin açılmasının Rusiyaya şərab ixracı sahəsində mövcud olan çətinliyi aradan qaldırdığını vurğulayıb, ixracatçılar üçün yaradılan şəraitə görə sahibkarlar adından minnətdarlığını ifadə edib.