İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərində yaxından iştirak edir. Belə ki, şirkət tərəfindən istehsal olunan məhsullar (quyu qapaqları, hidrantlar, siyirtmələr, su trapı, yağış suyu barmaqlıqları və s.) Xocavəndin Hadrut qəsəbəsində, Zəngilanın Ağalı və Mincivan kəndlərində, Füzuli Hava Limanının tikintisində, Şuşada məscidin bərpasında, eləcə də Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl və Tərtər rayonlarında müxtəlif layihələrin həyata keçirilməsində istifadə edilir. Layihələrin icrası üçün “Azertexnolayn” MMC tərəfindən 2021-ci ildə 105 ton, 2022-ci ilin 9 ayında isə 362 tondan çox məhsul göndərilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu - polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. Ümumilikdə, şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.