İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nizami Məmişovla görüşüb.
Nazirin birinci müavini Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlərin inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, sənaye, ticarət, investisiya, innovasiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır. Görüşdə həmçinin, gəmiqayırma sahəsində əməkdaşlıq perspektivləri, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadə etməklə ticarət dövriyyəsinin artırılması üçün əlverişli şəraitin mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır.
Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nizami Məmişov iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bir sıra sahələrdə əlaqələrin gücləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Görüşdə “Made in Azerbaijan” brendli məhsulların Sankt-Peterburqda daha çox tanıdılması, ticarətin genişləndirilməsi, Rusiya şirkətləri ilə sənaye zonaları çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.