Elm və Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsinin ikinci mərhələsinə start verilir. 15 noyabrda başlanan kurslarda 150 tələbə iştirak edəcək. Tədris onlayn (2 qrup) və əyani (8 qrup) rejimdə olmaqla 5 ay davam edəcək. Əyani dərslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilir.
Qeyd edək ki, “İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri üzrə lazımi biliklər əldə edəcəklər. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. Tədris prosesində tələbələr peşəkar təcrübə və real məsələlərin həllində praktiki bacarıqlar əldə edəcəklər. Əmək bazarında bu sahəyə artan tələbat fonunda “İT-Akademiya”nın məzunları asanlıqla iş tapa biləcəklər.
İT-Akademiya” təhsil layihəsi “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.