BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoquna həsr edilmiş tədbir keçirilib

ADA Universitetində təşkil edilən BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri  Dialoquna həsr edilmiş tədbirdə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyətinə dair tədbirlər müzakirə olunub.

ADA Universitetində BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoquna həsr edilmiş tədbir keçirilib. Tədbirdə hökumət rəsmiləri, BMT nümayəndələri, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçiləri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda sosial rifahın artırılması yönündə görülən işlər, beynəlxalq institutlarla səmərəli tərəfdaşlıq məsələləri barədə fikirlərini bildirib. 

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanda iqlim dəyişmələri və onların mənfi təsirlərinə qarşı effektiv işlər görüldüyünü, yaşıl keçid istiqamətində məqsədyönlü tədbirlər gerçəkləşdirildiyini vurğulayıb. Qeyd olunub ki, BMT-nin nüfuzlu tədbiri olan COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi, beynəlxalq aləmdə Azərbaycana olan etimadın növbəti göstəricisidir və bu hadisə BMT ilə əməkdaşlığımızda yeni səhifə açır. Bugünkü tədbir isə eyni zamanda, COP29 çərçivəsində müzakirələrə töhfə verəcək.

Xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ölkəmizin beynəlxalq qurumlar, o cümlədən, BMT ilə çoxtərəfli münasibətləri, BMT-nin çoxvektorlu qlobal missiyasının əhəmiyyəti barədə danışıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qlobal çağırışların öhdəsindən gəlmək üçün çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, COP29 iqlim gündəmi və qloballaşma məsələləri üçün mühüm məqamdır. BMT-nin bütün tərəfdaşlarla birlikdə Azərbaycanın iqlim təşəbbüslərinə dəstəyini genişləndirəcəyi diqqətə çatdırılıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov dünyada iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini, bu məqsədlə birgə təşəbbüslərin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ölkədə iqlim dəyişmələrinin təsirlərinə qarşı həyata keçirilən tədbirlər, bu sahədə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi, yaşıl keçid məsələləri barədə fikirlərini bölüşüb.  

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə BMT-nin təmsil etdiyi sülh, ədalət və əməkdaşlıq dəyərlərinin önəmi, tədbirin mühüm mövzuya həsr edilməsi barədə fikirlərini bildirib.  

Forumda energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov “Azərbaycanın milli səviyyədə müəyyən edilmiş töhfələrinin əsas xüsusiyyətləri və uzunmüddətli iqlim strategiyasının inkişafa əlavə faydaları” mövzusunda məruzə ilə çıxış edib.

“Azərbaycanda iqlim fəaliyyətinin genişləndirilməsi” mövzusunda paneldə ölkədə iqlim dəyişmələrinin fəsadlarına qarşı həyata keçirilən siyasət barədə məlumat verilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.