İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8)

Təşkilatın adı

İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8)

Təşkilata dair ümumi məlumat

·         Yaranma tarixi: 1997-ci il.

·         Məqsədləri: üzv dövlətlərin dünya iqtisadiyyatındakı mövqeyini gücləndirmək, ticarət əlaqələrini şaxələndirmək və yeni iqtisadi imkanlar yaratmaq, onların beynəlxalq qərarların qəbulu proseslərində iştirakını genişləndirmək və üzv dövlətlərdə həyat səviyyəsini yüksəltmək.

·         Baş katib: Sohail Mahmud (1 yanvar 2026-cı ildən).

·         Sədrlik: Təşkilata sədrlik üzv dövlətlər arasında əlifba sırası ilə iki ildən bir rotasiya əsasında həyata keçirilir. 2026–2027-ci illərdə D-8-ə İndoneziya sədrlik edir.

·         Mənzil qərargah: İstanbul, Türkiyə.

·         Üzv ölkələr: 9 ölkə (Azərbaycan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyə).

·         Fəaliyyət sahələri: ticarət və investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, enerji və mineral ehtiyatlar, nəqliyyat, sənaye, turizm, xüsusi iqtisadi zonalar, ətraf mühit və iqlim dəyişmələri, səhiyyə və sosial müdafiə, kiçik və orta sahibkarlıq, informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiya, eləcə də gənclər siyasəti.

 

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

·         Tədbirlər:

o    Azərbaycan 2022-ci ildə D-8-ə üzv olmaq üçün rəsmi müraciət etmişdir. 19 dekabr 2024-cü il tarixində Qahirə şəhərində keçirilmiş və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirak etdiyi Zirvə Toplantısında qəbul edilmiş qərara əsasən, Azərbaycan Təşkilata yeni üzv kimi qəbul olunmuşdur. Azərbaycan D-8-in yaradılmasından sonra Təşkilata qəbul edilmiş ilk ölkə və ilk təsisçi olmayan üzv dövlətdir.

o    2 dekabr 2025-ci il tarixində Misir Ərəb Respublikasının Qahirə şəhərində D-8-in ticarət nazirlərinin 4-cü iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli iştirak etmişdir.

o    16 mart 2026-cı il tarixində onlayn formatda keçirilmiş D-8 Preferensial Ticarət Sazişi üzrə İşçi Qrupunun 4-cü iclasında İqtisadiyyat Nazirliyindən iştirak təmin olunmuşdur.

o    30 mart 2026-cı il tarixində Nigeriyanın Abuca şəhərində keçirilmiş D-8-in Preferensial Ticarət Sazişi üzrə Müşahidə Komitəsinin 9-cu iclasında İqtisadiyyat Nazirliyindən iştirak təmin olunmuşdur.

o    30 aprel 2026-cı il tarixində virtual formatda keçirilmiş D-8-in kişik və orta sahibkarlıq sahəsi üzrə dövlət qurumlarının 9-cu iclasında İqtisadiyat Nazirliyi tərəfindən iştirak təmin olunmuşdur.

o    8 iyul 2026-cı il tarixində onlayn formatda keçirilmiş D-8 Preferensial Ticarət Sazişinin genişləndirilməsi üzrə Ekspert İşçi Qrupunun 5-ci iclasında İqtisadiyyat Nazirliyindən iştirak təmin olunmuşdur.

 

·         Azərbaycanda yerləşdirilməsi təklif olunan D-8 mərkəzləri:

 

o    D-8 Enerji və İqlim Mərkəzi: Mərkəz üzv dövlətlər arasında enerji təhlükəsizliyi, təmiz enerjiyə keçid, iqlim dayanıqlılığı və dayanıqlı şəhər inkişafı sahələrində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir. Mərkəz birgə tədqiqatların, məlumat platformalarının, siyasət dialoqunun, məsləhət xidmətlərinin və potensialın gücləndirilməsi tədbirlərinin həyata keçirilməsini dəstəkləyəcəkdir.

o    D-8 Media Mükəmməlliyi Mərkəzi: Mərkəz peşəkar media əməkdaşlığının, məsuliyyətli jurnalistikanın, məlumat mübadiləsinin və dezinformasiyaya qarşı dayanıqlılığın gücləndirilməsinə töhfə verəcəkdir. Mərkəzin Medianın İnkişafı Agentliyinin Media Mükəmməlliyi Platforması çərçivəsində fəaliyyət göstərməsi nəzərdə tutulur.

o    D-8 Nəqliyyat Mükəmməlliyi Mərkəzi: Mərkəz ağıllı mobillik, dayanıqlı və multimodal nəqliyyat sistemləri, nəqliyyat əlaqələrinin inkişafı və rəqəmsallaşma sahələrində regional əməkdaşlıq platforması kimi fəaliyyət göstərəcəkdir. Mərkəz nəqliyyat standartlarının uyğunlaşdırılmasını, aşağı emissiyalı logistikanın təşviqini, tədqiqat layihələrinin həyata keçirilməsini və rəqəmsal platformaların hazırlanmasını dəstəkləyəcəkdir.