Şanxay Əməkdaşlıq Təşkilatı

Təşkilatın adı

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

Təşkilata dair ümumi məlumat

·         Yaranma tarixi: 15 iyun 2001-ci il.

·         Nizamnaməsi 2002-ci ildə imzalanmışdır.

·         Üzv dövlətlər: Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan,Özbəkistan və Belarus;

·         Müşahidəçilər: Əfqanistan, Monqolustan;

·         “Dialoq üzrə tərəfdaş” ölkələr: Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan, Misir, Səudiyyə Ərəbistan, Qətər, Bahreyn, Maldiv Respublikası, Myanma, BƏƏ, Küveyt və Şri-Lanka.

·         Əsas məqsədi: mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır;

·         Təşkilati struktur:

o   Dövlət Başçıları Şurası

o   Hökumət Başçıları Şurası

o   Xarici işlər nazirləri Şurası

o   Parlamentlər rəhbərləri, müdafiə, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, səhiyyə, baş prokurorlar və digər sahələrə məsul vəzifəli şəxslərin görüşləri

o   Milli Koordinatorlar Şurası

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

·         10 iyul 2015-ci il tarixində ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də “dialoq üzrə tərəfdaş” statusunun verilməsi barədə qərar qəbul edilmişdir.

o   14 mart 2016-cı il tarixində Pekində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına ŞƏT-in “dialoq üzrə tərəfdaşı” statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır;

·         16 sentyabr 2015-ci il tarixində Çinin Sian şəhərində ŞƏT-in xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat və sənaye nazirinin müavini iştirak etmişdir.

·         14 mart 2016-cı il tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum" xarici işlər naziri Elmar Məmmədyarov və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov tərəfindən imzalanmışdır.

·         12 aprel 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ŞƏT-in Baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

·         14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ŞƏT-in Baş katibi Vladimir Norov ilə görüşmüşdür.

·         23 iyun 2021-ci il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən ŞƏT-in İqtisadi Forumunda iqtisadiyyat nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

o   Forumun plenar iclasında ŞƏT-in 20 illiyi, iqtisadiyyatın transformasiyası və rəqəmsallaşma, elektron ticarət və dayanıqlı inkişaf üzrə müasir texnologiyaların tətbiqi, o cümlədən COVİD-19 pandemiyasının yaratdığı şəraitdə ümumi rəqəmsallaşma proseslərinin artırılması ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.

o   ŞƏT-in İqtisadi Forumunun proqramına uyğun olaraq plenar iclasdan sonra Azərbaycan ilə Qazaxıstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilmişdir.

·         16-17 avqust 2022-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilən ŞƏT-in “İqtisadi Forum və Sənaye İnnovasiyaları Sərgisi”ndə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO təmsil olunmuşdur.

o   "Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və ticarət-iqtisadi əlaqələrin bərpası" panelində çıxış zamanı ŞƏT üzvləri ilə ticarət əlaqələri və ölkəmizdə yaradılan biznes və investisiya imkanları barədə məlumat verilmişdir.

o   Bununla yanaşı ŞƏT-in baş katibinin müavini ilə ixrac- idxal əməliyyatlarını artırmaq üçün məlumat mübadiləsi sisteminin yaradılması barədə fikir mübadiləsi aparılmışdır.

·         16 sentyabr 2022-ci il tarixində Səmərqənddə ŞƏT üzv ölkələrinin Sammiti keçirilmişdir.

o   Sammitdə Azərbaycan Respublikasının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri iştirak etmişdir.

o   Sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilmişdir.

·         3-4 iyul 2024-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində ŞƏT üzv ölkələrinin Sammiti keçirilmişdir.

o   Sammit çərçivəsində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti iştirak etmişdir.

o   Sammitin yekunu olaraq birlik haqqında Astana Bəyannaməsi qəbul edilmişdir.

o   Nurlan Yermekbayev 2025-2027-ci illər üçün ŞƏT-in Baş Katibi seçilmişdir.

·         18 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası müşahidəçi ölkə statusu almaq üçün ŞƏT-ə müraciət etmişdir.