İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) yaradılmasından 2 il ötür. Agentlik dövlət başçısının “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə yaradılıb.
Agentlik fəaliyyətə başlayandan bugünədək idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 246 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən həyata keçiriləcək layihələr üzrə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. 30 sahibkarlıq subyektindən 12-si Ağdam Sənaye Parkının, 2-si “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 10-u Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 3-ü Hacıqabul Sənaye Məhəlləsinin, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıblar.
Bu rezidentlər tərəfindən sənaye zonalarında müxtəlif tonajlı yük və xüsusi təyinatlı avtomobillərin, elektrik cihaz və avadanlıqlarının, müxtəlif tikinti kimyəvilərin, yumşaq polimer qablaşdırma məhsullarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin və s. istehsalı layihələri həyata keçiriləcək.
Agentliyin yarandığı iki il ərzində idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən təxminən 5,2 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 1,9 milyad manatlıq hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə dünyanın bir sıra ölkələrinə (ABŞ, Kanada, BƏƏ, Çin, Rusiya, Çexiya, İngiltərə, İsrail, İspaniya, Avstriya və s.) ixrac olunub.
Ümumilikdə isə, indiyədək sənaye zonaları üzrə layihələrinin ümumi investisiya həcmi 7 milyard manata yaxın olan 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb və 10400-dən artıq daimi iş yeri yaradılıb.