Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Belarus Respublikasının Baş nazirinin müavini, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşüb. Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazasının yaradıldığı vurğulanıb. Bildirilib ki, bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. Nazir müavini ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat sahələrində, həmçinin Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb.
İqor Petrişenko ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri, qarşılıqlı iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri barədə danışıb, Belarus şirkətlərinin Azərbaycanda maşınqayırma, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edərək, ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Tərəflər investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.