Hərracda 7 faydalı qazıntı yatağı istifadəyə verilib. Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Qum-çınqıl yatağına ən son təklif ilkin satış qiymətindən 482 000 manat çox olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Abşeronda yerləşən “Qobu” gil və “Güzdək” əhəngdaşı yataqlarının hər birinin 5 hektar sahəsi, Ağdamda olan “Qarqarçay” qum-çınqıl yatağının 5 hektar, Şəmkirdəki “Alabaşlı” hematit yatağının 5,34 hektar, Göygöldə “Qızılca” plagioporfir yatağının 3 hektar, Qubada “Qorxmazoba” qum-çınqıl yatağının 25 hektar, Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağının isə 2 hektar sahəsi istifadəyə verilib.
Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Qorxmazoba” qum-çınqıl yatağının LOT-1 və LOT-2 üzrə keçirilən hərracı olduqca rəqabətli olub. LOT-1 üzrə edilən ən son təklif 18 000 manatdan 500 000 manata, LOT-2 üzrə isə 18 000 manatdan 135 000 manata yüksəlib.
Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://clck.ru/344ecR )