Sənaye zonalarında istehsal edilən məhsulların 30%-dən çoxu ixrac edilib.
Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Hazırda sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manat olan 128 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,5 milyard manatdan çox investisiya yatırılıb.
Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 600 milyon manatadək investisiyanın yatırılması, 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,1 milyard manatlıq hissəsi ixrac olunub. Bu ilin I rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satılıb ki, bu da 2022-ci ilin eyni dövrünə (ötən ilin I rübündə 680,9 milyon manatlıq məhsul istehsal edilib) nisbətən 13% artım deməkdir. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dək (ABŞ, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Çin, Hindistan, Rusiya və s.) ölkəsinə ixrac edilib.