4SİM və “AzerGold” QSC “Ağıllı Sənaye Hazırlığı İndeksi” və “Smart” transformasiya üzrə əməkdaşlığa başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “AzerGold” QSC arasında “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index - SIRI) qiymətləndirməsi və “Smart” transformasiya üzrə əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədə əsasən, 4SİM tərəfindən “AzerGold” QSC-nin istehsalat müəssisəsində rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədilə məsləhət xidmətləri göstəriləcək. Dünya İqtisadi Forumu tərəfindən tövsiyə edilən və Dördüncü Sənaye İnqilabı üçün effektiv rəqəmsal hazırlıq qiymətləndirmə proqramlarından biri kimi qəbul edilən “SIRI” metodunun tətbiqi ilə istehsalat və biznes proseslərində rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, fəaliyyətin ən optimal texnoloji həllər vasitəsilə 2-3 il müddəti əhatə edən dövr ərzində inkişafının təmin edilməsi üçün yol xəritəsi hazırlanacaq, prioritetləşdirilmiş layihələrin metodologiyası və digər təfərrüatları işlənib təqdim ediləcəkdir.

 


 

Qeyd: Qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə “McKinsey”, “Siemens”, “SAP”, “Technical Inspection Association” kimi beynəlxalq şirkətlərlə birlikdə Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən tərtib edilən “SIRI” qiymətləndirməsi Dünya İqtisadi Forumu tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə rəqəmsal yetkinliyin qiymətləndirilməsi metodudur və bu metod bu günə qədər dünyanın 30 ölkəsində fərqli sahələrdə fəaliyyət göstərən 850-dən artıq şirkət və müəssisələrdə tətbiq olunub.