“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər bu gündən "Coursera"da 6 həftəlik təlimlərə başlayıb. Beləliklə, layihədən bu günə kimi 3000 nəfər faydalanıb.
“4Sİ Akademiyası” layihəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Coursera” onlayn tədris platforması üzərindən 4-cü Sənaye İnqilabı komponentləri olan süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla, ümumilikdə 89 sub-kateqoriya üzrə 800-ə yaxın kurs təqdim olunur.
İndiyə kimi 7000 nəfərə yaxın şəxs platformadan istifadə etmək üçün qeydiyyatdan keçib. Onlardan 72%-i işləyən, 28%-i isə işləməyən insanlardır. Müraciət edənlərdən ən yaşlısının 73, ən kiçiyinin isə 9 yaşı var. Qeydiyyatdan keçənlərdən 188 nəfəri şəhid ailəsinin üzvü, 116 nəfər isə qazidir.
Müraciət edənlərin əksəriyyəti tələbələr, eləcə də bank və dövlət sektorunda çalışanlardır.
“4Sİ Akademiyası” layihəsinin prioritet məqsədi ölkədə rəqəmsal bacarıqların inkişaf etdirilməsidir. Layihə çərçivəsində 10 minə yaxın şəxsin 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi təlim proqramlarından faydalanması nəzərdə tutulub. Hazırda 129 milyon onlayn istifadəçisi olan “Coursera” platformasında 125 min nəfər Azərbaycan istifadəçisi var.