Lənkəran-Astara iqtisadi rayonunda KOB dostu ofislərinin sayı 5-ə, ölkə üzrə isə 47-yə çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran-Astara iqtisadi rayonu üzrə sayca 5-ci KOB dostu ofisi fəaliyyətə başlayıb. Bununla da sahibkarlara yerində dəstək və xidməti təmin edən KOB dostu ofislərinin sayı ölkə üzrə 47-yə çatıb.
Dekabrın 19-da Lerik rayonunda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi ilə tanışılıq olub. Müvafiq dövlət qurumlarının və rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunan görüşdə biznesin ehtiyaclarına, sahibkarların qarşılaşdıqları çətinliklərə dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib.
Görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Çıxışlarda Lənkəran-Astara iqtisadi rayonunda biznes üçün potensial, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə yeniliklər, o cümlədən KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətlər barədə məlumat verilib. Qeyd edilib ki, Lerik rayonu əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Bununla belə burada turizm, heyvandarlıq və arıçılıq kimi sahələrdə biznes fəaliyyəti üçün imkanlar genişdir. Regiondakı 5 KOB dostu ofisi bölgədə yeni bizneslərin yaranması, mövcud sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi, iş adamlarının problemlərinin həlli və qanuni maraqlarının müdafiəsi istiqamətində dəstək göstərir. Bölgədə sayca 5-ci KOB dostu ofisinin Lerikdə fəaliyyətə başlaması ilə KOB dostu şəbəkəsi Lənkəran-Astara iqtisadi rayonuna daxil olan 6 inzibati rayondan 5-ni əhatə edir. KOB dostları fəaliyyət göstərdiyi ərazi ilə yanaşı, ətrafdakı şəhər və rayonlara da xidmət göstərirlər.
Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Lerik Rayon İcra Hakimiyyətinin inzibatı binasında yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.
Bölgəyə səfər çərçivəsində KOBİA nümayəndələri Lənkəran rayonunda arıçılıq təsərrüfatının fəaliyyəti ilə də tanış olub, sahibkarın biznes ehtiyacları ilə maraqlanıblar. Qeyd edək ki, müvafiq təsərrüfatın sahibinə arıçılıq təsərrüfatında məhsuldarlığı artıran avadanlığın hazırlanması üçün KOBİA tərəfindən qrant ayrılıb.