Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusunda panel iclasda müdafiə sənayesində texnologiya və bu sahədə investisiya imkanları, əməkdaşlıq potensialı mövzularında müzakirələr aparılıb.
Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusunda panel iclas keçirilib.
İclasda müdafiə sənayesi naziri Vüqar Mustafayev, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, Sumqayıt Texnoilogiyalar Parkının Baş direktoru Hicran Valehov, “Titra” A.Ş.-nin İdarə Heyətinin sədri Məhəmməd Selman Dönməz, “Aselsan” şirkətinin baş direktoru Ahmet Akyol, "Azərsilah Müdafiə Sənayesi Holdinqi" ASC-nin nümayəndəsi Orxan Yusibov müzakirələrdə iştirak ediblər.
Tədbir Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini Fuad Məmmədovun moderatorluğu ilə keçirilib.
Tədbirdə ölkəmizin müdafiə sənayesinin daha da inkişaf etdirilməsi yönündə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Vurğulanıb ki, tədbir beynəlxalq müstəvidə hərbi-texniki əməkdaşlığın inkişafında, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin arasında işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır. Qeyd olunub ki, dünya ölkələrinin təhlükəsizlik sistemlərinin üzləşdiyi təhdidlər hər bir dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsini, hərbi-texniki sahədə əlaqələrin inkişafını, milli müdafiə sənayesi potensialının artırılmasını zəruri edir. Son illərdə özünün güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atan Azərbaycan artıq rəqabətqabiliyyətli, yüksək dəqiqliyə malik müasir hərbi təyinatlı məhsullar istehsal edir, bu sahədə daxili və xarici sifarişləri yerinə yetirir.
Paneldə müdafiə sənayesində texnologiya və bu sahədə investisiya imkanları, silahlı qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığın azaldılması mövzularında müzakirələr aparılıb, təkliflər səsləndirilib.