Səudiyyə İnkişaf Fondu ilə investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini bildirib, Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb.
Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.
Sultan Əbdülrəhman Əl-Marşad ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.
Tərəflər dövlət-özəl tərəfdaşlığı, Orta Dəhliz çərçivəsində reallaşdırılan “yaşıl” enerji layihələri, investisiyalar və digər prioritet sahələr üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini, biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə ediblər.