Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin iqtisadi forumu keçirilib.
Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə KƏŞ ölklərinin biznes dairələrinin məlumatlandırılması və əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi forumda iqtisadiyyat nazirinin müavini Anar Axundov, Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Məhəmməd bin Hassan Al Malki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibliyinin İqtisadiyyat və İnkişaf Məsələləri üzrə köməkçisi Xalid Bin Əli Əl Sunaidi, KƏŞ Ticarət Palataları Federasiyasının (FGCCC) sədri Şeyx Faisal Bin Abdulla Al-Ravas, aidiyyəti qurumların rəhbərləri və sahibkarlar iştirak ediblər.
Forumda təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və investisiya imkanlarının səmərəli reallaşdırılması baxımından önəm kəsb edir. Enerji, ticarət və infrastrukturun inkişafı sahəsində təşəbbüslər regional sabitlik və rifaha əhəmiyyətli töhfə verir. Bu gün Azərbaycan və KƏŞ ölkələri arasında iqtisadi əlaqələr qarşılıqlı maraq əsasında inkişaf edir.
Azərbaycanda formalaşmış əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış cəlbedici imkanlar, habelə tətbiq edilən vergi və gömrük güzəştləri xarici sərmayədarların ölkəmizə marağını davamlı olaraq artırır. Bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika, rəqəmsallaşma kimi bir çox sahələrdə xarici investorlarla uğurlu birgə layihələr həyata keçirilir.
Forum çərçivəsində AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunmasının dəstəklənməsi, iqtisadi forumlar, sərgilər və ticarət missiyalarının təşkil edilməsi ilə bağlı əməkdaşlıq məsələləri əksini tapıb.
Tədbir çərçivəsində “Bərpa olunan enerji, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq”, “KƏŞ ölkələri ilə Azərbaycan arasında kənd təsərrüfatı, qida təhlükəsizliyi və qida sənayesi sahələrində strateji tərəfdaşlıq” və “Nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar” mövzusunda panel sessiyalar təşkil olunub.
İqtisadi forum çərçivəsində təqdimatlar dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.