ABŞ-nin “Coursera” şirkətinin “Coursera for Campus” proqramı ilə bağlı məlumat sessiyası keçirilib. Proqram çərçivəsində “Coursera”nın yerli universitetlərlə tələbələrin rəqəmsal bacarıqlarının inkişafı, məşğulluğunun artırılması və digər sahələr üzrə əməkdaşlıq imkanları təqdim olunub.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) dəstəyi ilə ABŞ-nin “Coursera” şirkətinin “Coursera for Campus” proqramı ilə bağlı məlumat sessiyası keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin və yerli universitetlərin nümayəndələri iştirak ediblər.
“Coursera for Campus” proqramının məqsədi təhsil müəssisələrinə təlim-tədris dəstəyi göstərmək, tələbələrin karyeralarına töhfə verməkdir. Bu təşəbbüs strateji problemlərin həllində universitetlər, kolleclər və müvafiq dövlət orqanları ilə əməkdaşlığı əhatə edir. Layihə təlim proqramlarının modernləşdirilməsi, tələbələrin məşğulluğunun və nailiyyətlərinin artırılması, rəqəmsal bacarıqların inkişafı, həyat boyu öyrənmə kimi sahələri əhatə edir.
“Coursera for Campus” proqramı çərçivəsində tələbələr dünyanın tanınmış universitetlərinin və şirkətlərinin kurslarını bitirərək sertifikat əldə etmək imkanı qazanacaqlar. Həmçinin, Azərbaycan universitetləri gələcəkdə öz tədris proqramları ilə “Coursera” platformasına qoşula bilərlər.
4SİM-in icraçı direktoru Fariz Cəfərov proqramın Azərbaycanda tələbələrin şəxsi inkişafı, o cümlədən elm və sənaye 4.0 klasterinin formalaşdırılması üçün əhəmiyyətli olduğunu vurğulayıb. TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “Coursera” ilə əməkdaşlığı təhsilin beynəlmiləlləşməsi istiqamətində mühüm addım kimi dəyərləndirib.
Tədbirdə “Coursera for Campus” proqramının Avropa və Böyük Britaniya üzrə direktoru Endi Pul və “Coursera”nın Hökumətlərlə Tərəfdaşlıq üzrə direktoru Akankşa Kapur “Ali təhsilin generativ süni intellekt və onlayn öyrənmə ilə transformasiyası” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda generativ süni intellektin təhsil sahəsinə təsirləri, süni intellektdən istifadə imkanları barədə məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.