İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupun növbəti iclası Kəlbəcər şəhərində keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun Kəlbəcər şəhərində növbəti iclası keçirilib.

İclasda İşçi Qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində  işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması məqsədilə əhatəli və məqsədyönlü infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. Eyni zamanda bildirib ki, ərazilərdə iqtisadi aktivliyinin sürətləndirilməsi, tətbiq edilən güzəşt və azadolmalar barədə maraqlı tərəflər, o cümlədən sahibkarlıq subyektləri üzrə maarifləndirmə işlərinin aparılması, onların güzəşt və azadolmalardan faydalanması üçün rezident statusunun verilməsi və vergi uçotuna alınması istiqamətində işlər davam etdirilir.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcər rayonunda aparılan bərpa və quruculuq işlərindən danışıb, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi məqsədilə Kəlbəcər rayonunda müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar barədə məlumat verib və iş adamlarının Kəlbəcərdə biznes fürsətlərindən lazımınca yararlana biləcəyini vurğulayıb.

İclas zamanı Dövlət Proqramının icrası çərçivəsində 2025-2026-cı illər üzrə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

İclasdan sonra isə İqtisadi məsələlər üzrə işçi qrupun üzvləri Kəlbəcər şəhərində yaradılmış infrastrukturla və hazırda davam edən bərpa-quruculuq işləri ilə yerində tanış olublar.