İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşüb. Görüşdə Azərbaycan-AİB əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımlar və əldə edilmiş nəticələr məmnunluqla vurğulanıb.
Tərəflər AİB-in 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Müzakirələrdə özəl sektorun inkişafına dəstək, dövlət müəssisələrinin özəlləşdirilməsi, KOB-ların maliyyələşmə resurslarına əlçatanlığının artırılması, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi və gücləndirilməsi məsələləri dəyərləndirilib.
Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi, inklüziv inkişafın təmin edilməsi və davamlı tərəfdaşlıq platformalarının qurulması Azərbaycan-AİB əməkdaşlığının əsas hədəflərindəndir. Görüşdə bərpaolunan enerji layihələri, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması və yaşıl enerji sektorunda əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılıb.