BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlıq imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə dayanıqlı inkişaf, yaşıl enerji, rəqəmsal transformasiya və regional əlaqəlilik sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın (ESCWA) icraçı katibi Rania Al-Mashat ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT və onun regional komissiyaları ilə tərəfdaşlığının əhəmiyyəti vurğulanıb, “ESCWA” ilə dialoqun inkişafı və praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər DİM-in maliyyələşdirilməsi, yaşıl enerjiyə keçid, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat, nəqliyyat və ticarət əlaqəliliyinin gücləndirilməsi üzrə təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.