Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masada işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişi və dayanıqlı inkişaf perspektivləri müzakirə edilib.

6 noyabr 2026-cı il tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunda (İETİ) Zəfər Gününə həsr olunmuş “Zəfərdən quruculuğa: Qarabağ və Şərqi Zəngəzurun inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Elmi-analitik müzakirənin məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, regionun iqtisadi potensialını, investisiya imkanlarını və dayanıqlı inkişaf perspektivlərini müzakirə etmək olub.

İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov və İqtisadiyyat Nazirliyinin Regionların inkişafı şöbəsi müdirinin müavini Natiq Məmmədli çıxışlarında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyduğunu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini vurğulayıblar. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması, müasir infrastrukturun yaradılması, investisiyaların cəlb edilməsi və yaşıl enerji imkanlarının genişləndirilməsi regionun dayanıqlı inkişafına mühüm töhfə verir.

Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dəyirmi masa çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi, investisiya mühiti, infrastrukturun bərpası və məşğulluq imkanları, eləcə də regionda yaşıl enerji potensialı və dayanıqlı inkişaf məsələləri üzrə təqdimatlar olub.

İETİ-nin əməkdaşları Emil Qasımov və  Nərmin Babayeva “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi: investisiya, infrastruktur və məşğulluq”, “Yaşıl enerji və dayanıqlı inkişaf: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji imkanları” mövzularında təqdimatla çıxış ediblər.

Vətən müharibəsinin iştirakçısı, İETİ-nin elmi işçisi Faiq Qasımlı müharibədə keçdiyi döyüş yolu və Zəfərlə bağlı xatirələrini bölüşüb.

Dəyirmi masa müzakirələrlə davam edib.