Azərbaycan 9-cu Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

9-cu Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur. 

Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 9-cu Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2026”) keçirilir. Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə vahid ölkə və kommersiya stendləri ilə təmsil olunur.

Ölkə stendində Azərbaycanın iqtisadi inkişafı, turizm imkanları, biznes və investisiya mühiti barədə məlumat verilir, potensial investisiya layihələri və tematik videoçarxlar təqdim edilir. Həmçinin Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qeyri-maddi mədəni irs nümunələrimiz, o cümlədən milli geyimlərimiz, mətbəximiz nümayiş olunur. 

“Made in Azerbaijan” stendində isə Azərbaycanın 12 şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları təqdim olunur. Stenddə şərablar və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, eləcə də digər ərzaq məhsulları nümayiş olunur. Həmçinin, stenddə yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələrin keçirilməsi üçün şərait yaradılıb. 

Sərgi noyabrın 10-dək davam edəcəkdir.