Azərbaycanın biznes və investisiya mühiti “TURKCHEM Avrasiya – Beynəlxalq Kimya Sənayesi Sərgisi”ndə təqdim edilib

İstanbulda keçirilən “TURKCHEM Avrasiya – Beynəlxalq Kimya Sənayesi Sərgisi”ndə ölkəmizin sərmayə imkanlarına dair məlumat verilib. 

İstanbulda keçirilən “TURKCHEM Avrasiya – Beynəlxalq Kimya Sənayesi Sərgisi”ndə Azərbaycanın sərmayə imkanlarına dair məlumat verilib. Sərgidə kimya sektorunu təmsil edən 600-dən çox şirkət, eləcə də aidiyyəti qurum və təşkilatlar iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycan və Türkiyə arasında güclü iqtisadi tərəfdaşlıq istiqamətləri, eləcə də birgə sənaye və investisiya layihələrinin perspektivləri haqqında fikirlərini bölüşüb.

Sərgi çərçivəsində, həmçinin "Orta Dəhliz: strateji investisiyalar və yeni imkanlar" mövzusunda panel sessiya təşkil olunub. Tədbirdə Azərbaycanın iqtisadi potensialı və nəqliyyat-logistika imkanları haqqında məlumat verilib. Bununla yanaşı, ölkəmizə investisiya qoyuluşunun üstünlükləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında və Naxçıvanda investorlar üçün yaradılmış imkan və güzəştlər barədə məlumat verilib, iş adamları ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub.

Sərgi çərçivəsində kimya sektorunda fəaliyyət göstərən şirkətlərlə potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Sərgidə ölkəmizin biznes və investisiya mühiti barədə iş adamlarının sualları cavablandırılıb. İş adamlarına ölkəmizin ixrac potensiallı məhsulları, kimya sektorunda mövcud investisiya layihələri haqqında məlumatları əks etdirən broşür və kataloqlar təqdim olunub.