Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Avropa İttifaqına üzv olan ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, bu ilin III rübündə Azərbaycanın Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı Polşanın ən böyük şərab idxalçısı olan “Tim S.A.” şirkəti ilə Azərbaycan şərablarının Polşada satışının təşkili ilə bağlı danışıqlar aparmış və şirkət nümayəndələrinin ölkəmizə işgüzar səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində şirkət nümayəndələri ölkəmizin iri şərab ixracatçılarının zavodlarında olmuşlar. Hazırda əməkdaşlığa dair danışıqlar davam etdirilir.
Bununla yanaşı, III rübündə ərzində Azərbaycanın Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı tütün becərilməsi, onun alışı, emalı və satışı ilə məşğul olan Polşanın “Lukowa Tobacco” şirkəti Azərbaycan Sənaye Korporasiyasına daxil olan “Azər Tütün” MMC ilə görüşünün təşkilinə və əməkdaşlığa dair danışıqların aparılmasına dəstək göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, 2019-cu ilin 18-23 noyabr tarixlərində Almaniya, Polşa və Xorvatiyanın qida sənayesi, kənd təsərrüfatı məhsulları, şərab və digər spirtli içkilər istehsalı və satışı ilə məşğul olan şirkətlər üçün Azərbaycana təşkil olunacaq alıcı missiyası ilə əlaqədar, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı tərəfindən lazımi köməklik göstərilmişdir.
12-14 sentyabr tarixlərində Polşanın Varşava şəhərində keçirilmiş “Warsaw Food Expo” qida məhsulları sərgisində Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilər, çay, fındıq, meyvə şirələri və kompotlar və digər məhsulların nümayiş etdirilməsinə dəstək göstərilmişdir.
20-22 sentyabr tarixlərində Varşavada keçirilən "Beauty Days” Beynəlxalq Gözəllik Sərgisində Azərbaycanın kosmetik məhsullar sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin ikitərəfli görüşlərdə iştirakının təmin edilməsi üçün müvafiq işlər görülmüşdür.