Azərbaycanın qeyri-neft sektoru ixracının artırılması, yeni ixrac bazarlarına çıxış, Azərbaycan istehsalı olan spirtli içkilərin Polşa bazarında tanıdılması məqsədilə Azərbaycanın Polşadakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycan istehsalı olan spirtli içkilər 18-19 oktyabr tarixlərində Varşavada keçirilmiş “Whisky Live Warsaw” Festivalında “Made in Azerbaijan” stendi ilə nümayiş olunub. Qeyd edək ki, “Whisky Live” Festivalı ilk dəfə 2000-ci ildə Yaponiyanın Tokyo şəhərində baş tutub və hər il dünyanın 30-dan çox şəhərində keçirilir. “Whisky Live” Festivalı Varşava şəhərində ilk dəfə 2004-cü ildə keçirilib. Bu il Varşavada keçirilən festivalda Azərbaycan istehsalı olan müxtəlif növ şərablar, meyvə araqları, konyak, brendi, viski "Made in Azerbaijan" stendində iştirakçılara nümayiş etdirilib. Tədbirə Polşa, Slovakiya, ABŞ, Hindistan, Şotlandiya, İngiltərə, İrlandiya, Yaponiya, Meksika və digər ölkələrdən 100-dək istehsalçı qatılıb. Sərgidə təqdim olunan Azərbaycan şərabları, xüsusən də nardan hazırlanmış şərablar, meyvə araqları, brendilər, viskilər, konyaklar böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan istehsalı olan spirtli içkilər bu festivalda artıq ikinci dəfədir ki, nümayiş olunur. Belə ki, 12-13 oktyabr 2018-ci il tarixlərində Varşavada keçirilmiş festivalda da "Made in Azerbaijan" stendi ən çox ziyarət edilən stendlərdən olub.