İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlarla görüşlərini davam etdirir. Növbəti belə görüş iyulun 22-də Qax rayonunda təşkil olunub. KOBİA və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş görüşdə Qax və ətraf bölgələrdən olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə sahibkarlarla bizneslərinin inkişafı üçün ehtiyacları müzakirə olunub, təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verilib.
Tədbir çərçivəsində həmçinin, KOBİA-nın Qax rayonu üzrə Kiçik və Orta Biznesin dostu (KOB dostu) rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 4-cü KOB dostudur. Hazırda KOB dostları ölkənin 35 şəhər və rayonunda fəaliyyət göstərirlər.
Qax rayonu üzrə KOB dostu ofisi rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək. Bu məqsədlə KOB dostu sahibkarların maraqlarının müdafiəsi, investisiya təşəbbüslərinin reallaşdırılması, biznes məsələlərinə dair məlumatlandırma, sahibkarların qarşılaşdıqları çətinliklərin həlli istiqamətlərində müvafiq tədbirlər həyata keçirəcək, dəstək və xidmətlər göstərəcəkdir.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, sahibkarları KOB dostu ilə sıx əməkdaşlığa dəvət edib.
Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
KOBİA nümayəndələri Qaxda arıçılıq təsərrüfatında da olub, təsərrüfatın fəaliyyəti və bal istehsalı ilə maraqlanıblar.