İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə elektron xidmətlərin sferasını genişləndirir. Cari ilin ilk yarımilliyi ərzində bu sahədə uğurlu nəticələr əldə edilib.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Xidmətin fəaliyyət sahələri üzrə 46 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 43-ü interaktiv, 3-ü isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də “e-emlak.gov.az” üzərindən təqdim olunur.
Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 908.779 elektron xidmət göstərilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 211.929 və ya 30,4% çox olub.
Bu sahədə elektron həllərin tətbiqi vətəndaşların daha çox istifadə etdiyi xidmətlərə istiqamətlənib. Belə ki, elektron xidmətlərin 33-ü daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə aiddir. Dövlət əmlakının özəlləşdirilməsi üzrə 10, dövlət əmlakının idarə edilməsi və icarəsi üzrə 3 xidmət elektron formada yerinə yetirilir.
Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 2022-ci ilin ilk yarımilliyi ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 77.787 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 712.440-dır.
Bundan başqa əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Cari ilin yanvar-iyun ayları ərzində bu imkandan yararlananların sayı 100.861 olub.
Bu dövrdə qurumun digər fəaliyyət sahələri olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 17.691 müraciət qəbul edilib.
Elektron xidmətlər sferasında mühüm yeniliklərdən biri İpoteka Kağızının Elektron Sisteminin tətbiqi oldu. İyunun 16-dan daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyətə başlayan sistemdən istifadə sayı 895 olub. Sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sosial faktorlar və vətəndaş məmnunluğunun gücləndirilməsi prinsipləri nəzərə alınaraq, fəaliyyət sahələrində innovasiyaların tətbiqi, xidmətlər sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması istiqamətində işlər davam etdirilir.