İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.
Cari ilin yanvar-iyul ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib.
2022-ci ilin 7 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 223 sifariş elektron qaydada qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 62 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.
Yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,4 milyon manat təşkil edib.
2022-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə, 2 252 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 498-i qeyri-yaşayış sahəsi, 1754-ü isə torpaq sahələrinə aid olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 7 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 13,9 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə, 46,3 milyon manata yaxın vəsait daxil olub.