Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilib. Tədbirdə hər 2 ölkədən dövlət rəsmiləri yanaşı, qida sənayesi, tekstil, tikinti, logistika, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərən 60-dək sahibkar iştirak edib.
Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycanla Qazaxıstan arasında yaradılmış İşgüzar Şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi və biznes dairələri arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə marağın böyük olduğunu və bunun üçün böyük potensialın mövcudluğunu vurğulayıb, hər iki ölkənin sahibkarlarını fəal əməkdaşlığa çağırıb.
İşgüzar Şuranın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında işgüzar əlaqələrin möhkəmlənməsində sahibkarların rolunu qeyd edib, İşgüzar Şuranın Azərbaycan və Qazaxıstan iş adamları arasında birbaşa əlaqələrin genişləndirilməsində, birgə layihələrin reallaşdırılmasında əhəmiyyətini vurğulayıb. Orxan Məmmədov həmçinin, KOBİA tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.
Tədbir çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət qurumları və özəl şirkətləri arasında bir sıra sənədlər imzalanıb. Belə ki, iclas zamanı Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum, AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş, KOBİA və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu, “QazTrade” SC, “Tayqa Trade” və “Maslo-Del” arasında dəyəri 2 mln. ABŞ dolları olan, “QazTrade” SC, “Cool Infinity” və “Foodcity Alliance” MMC arasında dəyəri 9 mln. ABŞ dolları olan Anlaşma və Əməkdaşlıq memorandumları, eləcə də Qazaxıstanın “KTZ Express Hong Kong” və Azərbaycanın “ADY Container" şirkətləri arasında Tərəfdaşlıq Sazişi, həmçinin Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasının protokolu imzalanıb.
Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib. Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.