Sentyabrın 9-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxil olma” İşçi qrupunun video-konfrans formatında iclası keçirilib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və İşçi Qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qrup üzvlərini və dəvət olunan ekspertləri salamlayaraq iclasın gündəliyi ilə tanış ediblər.
İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsi barədə məlumat verilərək onun biznesin təsis edilməsi, xüsusilə «start-up»ların, yerli və xarici özəl şirkətlərin yaradılması məsələlərinin qiymətləndirilməsinə yönəldiyi qeyd olunub. İclasda “Biznesə daxil olma” indikatorunun daha geniş spektri əhatə etməklə bu sahənin beynəlxalq aspektləri, yerli şirkətlərlə yanaşı, xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsi, eləcə də “start-up”lar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğu və məlumatların şəffaflığının təmin olunması kimi məsələlərin qiymətləndirildiyi vurğulanıb.
İclasda “Әlverişli Biznes Mühiti” layihәsinin “Biznesə daxil olma” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə məlumatlar verilib, qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirələr zamanı ölkədə biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq reytinqlər üzrə yüksək nəticələrin əldə olunması məqsədilə həyata keçiriləcək tədbirlər, o cümlədən təkliflərin təqdim edilməsi ətrafında fikir mübadiləsi aparılıb. Yol Xəritəsinin yekun layihəsinin müəyyən edilmiş iş planına uyğun olaraq qısa müddətdə digər qurumların təklifləri nəzərə alınmaqla hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi qərara alınıb.