İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevlə görüşüb.
İqtisadiyyat naziri türkdilli dövlətlərin uğurlu əməkdaşlığını, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, son dövrlərdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, ticarət, investisiya, rəqəmsallaşma və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi əsas çağırışlardandır. Bu baxımdan, Türk İnvestisiya Fondunun və Türk Ticarət Evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması əlaqələrin genişləndirilməsi üçün önəmli təşəbbüslərdir. İqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivləri barədə danışan nazir biznes dairələri arasında əlaqələrin, ticarət tərəfdaşlığının genişləndirilməsinin önəmini, bu istiqamətdə sentyabrın 16-da keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyətini diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin dinamik inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bildirib.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, üzv dövlətlər arasında rəqəmsal ticarət, xidmətlər və sərmayələr sahəsində əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.